Qanun və Qərarlar 14.11.2020

Malların ixrac qeydi ilə satışı Qaydası təsdiqlənib

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən malların ixrac qeydi ilə satışına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. 

Qaydalara əsasən ixrac qeydi ilə satışı həyata keçirən şəxs (istehsalçı) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydalar ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.  Belə ki, Qaydalar yalnız Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarını istehsal edən istehsalçılara və/və ya ən azı 1 (bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirmiş ixracatçılara şamil olunur.  

Bu tələblərə cavab verən istehsalçılar və ya ixracatçılar istisna olmaqla, digər istehsalçı və ya ixracatçılar Qaydalarda sadalanan malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlar siyahısına düşdükdə, bu Qaydaların təsir dairəsinə düşmür.  Misal üçün, malların ixrac qeydi ilə satışı hasilatın pay bölgüsü haqqında sazişlərin podratçılarına və əməliyyat şirkətlərinə, dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olan vergi ödəyicilərinə, səhmlərin və ya payların 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə, sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda istehsal olunmuş malların ixracına və Qaydalarda sadalanmış digər şəxslərə və əməliyyatlara tətbiq olunmur.

İxrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi üçün istehsalçı ixracatçıya Qaydaların 1 nömrəli əlavəsində verilən  formada “Malların ixrac qeydi ilə satış qaiməsi”ni təqdim edir.  İxracatçı isə “İxrac qeydi ilə satılan malların ixrac edilməsinə dair məlumat forması”nı malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edir.

Qeyd edək ki, ixrac qeydi ilə alınan mallar qeyd olunmuş müddət və möhlət ərzində ixrac edilmədiyi təqdirdə, ixrac qeydi ilə edilən satış ölkədaxili satışı kimi hesab olunur. Bu halda büdcə qarşısında yaranan öhdəliklərin (büdcəyə ödənilməli olan vergi və gecikdirilən gün üçün hesablanmış faiz məbləğləri) yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə ixracatçı tərəfindən istehsalçıya əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) üzrə onun hesabına ödəniş həyata keçirilir. 

Qaydaların təfsilatı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: 

https://nk.gov.az/az/document/4911/