1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.
Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Nümunə ilə izah edək:
İşəgötürən tərəfindən –
1. İşəgötürən işçiyə aylıq 500₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2%-i, aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəyəcək.
2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 162.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.
İşçi tərəfindən -
1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 500₼-dır. Bu halda onun əməkhaqqından 2%, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı tutulacaq.
2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500₼-dır. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 162.5₼ icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Nümunə ilə izah edək:
İşəgötürən tərəfindən -
1. İşəgötürən işçiyə aylıq 700₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 1%-i, aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı ödəyəcək.
2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 82.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.
İşçi tərəfindən -
1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700₼-dır. Bu halda onun əməkhaqqından 1%, yəni aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı tutulacaq.
2. İşçinin aylıq əməkhaqqı 8500₼-dır. Bu zaman 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 82.5₼ icbari tibbi sığorta haqqı tutulacaq.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.
Nümunə ilə izah edək:
1.Şəxs aylıq 500₼ gəlir əldə edir. Bu halda o gəlirinin 2%-i, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəməlidir.
2. Şəxs aylıq 8500₼ gəlir əldə edir. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 1%-i, yəni 5₼ (500*1%=5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə şəxs aylıq 165₼ icbari tibbi sığorta haqqı ödəməlidir.
Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.
Nümunə ilə izah edək:
Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250₼-dır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10₼ (250*4%=10) icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.